Bakı,TurkicWorld
Ömər Xəyyam (439/1048 - 523/1129) Səlcuqlar dövründə yaşamış dahi riyaziyyatçı, astronom, filosof və şair kimi tanınır. O, öz dövründə elm sahəsində böyük işlər görməsinə baxmayaraq, ölümündən sonra bütün dünyada şair kimi məşhurluq qazanıb.
Ebu'l-Feth Gıyâsüddin Ömər ibn İbrahim əl-Xəyyam ən-Nişapuri 1048-ci ilin may ayında Nışapurda anadan olub. Ömrünün çox hissəsini Nışapur və Səmərqənddə keçirib.
O, erkən yaşlardan Quran elmlərini Qadi Məhəmməddən, riyaziyyat və astronomiyanı Xoca Əbulhəsən əl-Ənbaridən öyrənib. Şərq filosofu İbn Sinanın "Əl-İşarat" əsərini Şeyx Məhəmməd Mənsurdan oxuyaraq, Ptolemeyin "Əl-Məcisti" əsərini tətqiq edib.
Ömər Xəyyam elmi səyahətlər edib, Səmərqənd, Buxara, Bəlx, İsfahan kimi elm və mədəniyyət mərkəzlərində tədqiqatlar aparıb. Sultan Məlikşah onu İsfahana dəvət edərək, onu elm sahəsində çox vacib tədqiqatlara cəlb edib.
Xəyyamın elm tarixində tutduğu yeri riyaziyyat və astronomiya sahəsindəki fəaliyyətləri müyən edir. O, cəbr, arifmetika və həndəsə sahələrində əsərlər yazıb, xüsusilə üçüncü dərəcəli tənliklərin həlli sahəsində yeni metodlar təklif edib. O, konus kəsikləri vasitəsilə cəbri tənliklərin həll yollarını araşdıraraq riyazi elmlərin inkişafına önəmli töhfə verib.
Astronomiya sahəsində isə Sultan Məlikşahın dəvəti ilə rəsədxana yaradaraq, o dövrdə istifadə edilən Yəzdəgərd təqvimini düzəltmiş və yeni Cəlali/Məliki təqvimi hazırlayıb.
Xəyyam metafizika, determinizm, azad iradə kimi fəlsəfi problemləri də tətqiq edib. O, çox vaxt pəsseistik və fatalist baxış bucağına malik olmuş, varlıq, zaman və insan taleyi kimi fundamental problemlərə toxunub. Bu sahədə yazdığı "Risale-i Kevn va't-Teklif" və "Risale-i Külliyati'l-Vücud" kimi əsərlər onun fəlsəfi baxışlarını əks etdirir.
Ömər Xəyyam öz dövründə daha çox riyaziyyatçı və filosof kimi tanınsa da, ölümündən sonra dördlükləri (rübailəri) sayəsində böyük məşhurluq qazanıb.
Avropada onun əsərlərinə olan maraq 1700-cü ildə Tomas Haydin tərəfindən latın dilinə tərcümə edilməsi ilə artaraq, 1816-cı ildə H.G. Keene tərəfindən ingilis dilinə, 1818-ci ildə isə Cozef fon Hammer-Purgstall tərəfindən alman dilinə çevrilməklə dünyada daha geniş oxucu kütləsinə çatıb.
Onun şərəfinə 1970-ci ildə Ayda bir kraterə, 1980-ci ildə isə yeni kəş edilmiş kometaya onun adı verilib. Ömər Xəyyam dünya elmi və ədəbiyyatının unudulmaz simalarından biridir.