Bakı, TurkicWorld
Barış Manço 2 yanvar 1943-cü il tarixində İstanbulda anadan olub. Ailəsi İkinci Dünya Müharibəsinin gətirdiyi əzablar səbəbilə onun adını "Barış" qoyub və o, Türkiyə Cümhuriyyətində bu adı alan ilk insan olub. O, musiqiçi, müğənni, bəstəkar, aranjimançı, aktyor, teleaparıcı, rəssam, kolleksiyaçı və səyahətçi kimi çoxşaxəli bir sənət karyerasına malik olub.
3 yaşında olarkən valideynləri ayrılıb və atasının yanında böyüyüb. Musiqiyə marağı isə anası Rikkat Uyanıkın təsiri ilə başlayıb. Türkiyədə Anadolu Rok janrının qurucularından biri hesab edilən Barış Manço, 1958-ci ildə Qalatasaray Liseyində tələbə ikən ilk dəfə səhnəyə çıxıb. "Kafadarlar" adlı ilk qrupunu yaradaraq səhnəyə çıxan Barış 1959-cu ildə məktəbində ilk konsertini verib, lakin elə həmin il atasını itirib.
Atasını itirdikdən sonra Galatasaray Liseyini tərk edib Şişli Liseyində təhsilini davam etdirib. 1962-ci ildə "Harmoniyalar" adlı qrup ilə ilk musiqi yazısını çıxarıb. 1963-cü ildə təhsilini davam etdirmək üçün Belçikaya köçüb, burada həm musiqi ilə məşğul olub, həm də dizaynerlik üzrə təhsil alıb. 1964-cü ildə ilk səsyazmasını buraxıb və mahnıları Türkiyə radiolarında yayımlanmağa başlayıb.
1969-cu ildə Belçika Krallıq Akademiyasını birinciliklə bitirib və "Dağlar Dağlar" mahnısını çıxararaq böyük uğur qazanıb. 1971-ci ildə "Kurtalan Ekspres" qrupunu yaradıb və Türkiyədə konsertlər verməyə başlayıb. 1975-ci ildə "Baba Bizi Eversene" adlı filmə çəkilib.
1977-ci ildə Anadolu turu zamanı hücumlara məruz qalıb. 1994-cü ildə siyasətə qatılmaq istəsə də, bu sahəyə marağının olmadığını anlayıb geri çəkilib.
1978-ci ildə Lale Çağlar ilə ailə həyatı qurub və bu evlilikdən iki övladı olub.
1988-ci ilin oktyabrında TRT 1 kanalında uşaqlar və ailələr üçün təhsil, mədəniyyət və əyləncə proqramı kimi başlayan "7'den 77'ye" verilişi Türkiyə televiziyasında rekord qıraraq, tarixə düşüb.
O, "Ekvatordan Qütblərə" layihəsi çərçivəsində beş qitədə 600.000 km-ə yaxın yol qət edərək 100-dən çox fərqli regionu gəzməklə, sənədli film sənətinə yeni bir yanaşma gətirib.
Ali təhsilini Belçikada "Royal Academy of Fine Arts"da başa vuran Barış Manço ingilis və fransız dillərini çox yüksək səviyyədə bilib. Karyerası boyunca 300-dən çox mükafata layiq görülən Barış Manço, 1990-cı illərin sonlarında "Tısbağanın Hekayəsi" layihəsi çərçivəsində "Mançologiya" albomunu hazırlasa da, onu pərəstişkarlarına təqdim etməyə imkan tapmadan dünyasını dəyişib. Onun vəfatından sonra ailəsi bu albomu sevdikləri ilə bölüşüb.
Barış Manço karyerası boyunca 200-dən çox mahnı bəstələyərək , 12 qızıl və 1 platin albom/kaset mükafatı qazanıb. Onun bəzi mahnıları yunan, bolqar, ərəb, fars, kürd, yapon, ivrit, fransız və holland dillərinə tərcümə edilərək ifa olunub.
Barış Manço 31 yanvar - 1 fevral 1999-cu il gecəsi İstanbulda öz evində dünyasını dəyişib. Kadıköy Bələdiyyəsi tərəfindən muzeyə çevrilən bu ev, bu gün də onun sevənləri tərəfindən ziyarət edilir.
Barış Mançonun musiqisi, sənədli filmləri və televiziya proqramları hələ də milyonlarla insan tərəfindən sevgi ilə xatırlanır.