Bakı, TurkicWorld
ADEX sərgisində Azərbaycan Minatəmizləmə Agentliyi MINELAB F3 detektorunun istifadə prosesini nümayiş etdirib.
TurkicWorld xəbər verir ki, MINELAB F3 detektoru yerin altında olan hər növ metalları aşkar etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu cihaz piyada və tank əleyhinə minalar, partlamamış sursat və improvizə olunmuş partlayıcı qurğuların axtarışı üçün istifadə olunur.
Aşkar etmə dərinliyi: PMN tipli piyada minaları üçün – 20 sm-ə qədər; metal korpuslu tank əleyhinə minalar üçün – 25–50 sm; MVP 62 detonatorları ilə təchiz edilmiş plastik korpuslu tank əleyhinə minalar üçün – 10–15 sm.
Xatırladaq ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.