Bakı, TurkicWorld
Ölkənin elektroenergetika tarixinə, çox da uzağa getmədən son 3-4 ilinə nəzər saldıqda görülən işlərin miqyası, əhəmiyyəti olduqca aydın sezilir. Təbii ki, əziyyət, zəhmət tələb edən bu işlər elektrik enerjisinin inkişafına gərgin əməyini, enerjisini həsr edən yüzlərlə yerli kadr, mütəxəssis hesabına ərsəyə gəlir. Nəinki daxili elə beynəlxalq layihələrin də icrasını uğurla həyata keçirən əməkdaşların təhsil və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə "Azərenerji" ASC "yaşıl energetika" üzrə növbəti praktik təlim-kursu keçirib.
Çətin relyefə malik olan Kəlbəcər rayonunu qar, çovğun, təhlükə bilmədən işıqlandırmağa səfərbər olan energetiklərimiz bu kurslar vasitəsilə indi daha dərin təkmilləşməyə nail olurlar.
Bu günlərdə "Yaşıl enerji" MMC-nin Kəlbəcərdə yerləşən "Soyuqbulaq", "Çıraq-1", "Çıraq-2", "Meydan", "Kəlbəcər-1", "Qamışlı" kiçik su elektrik stansiyaları üzrə çalışan 35 nəfər mütəxəssisdən 26-sı sertifikatla təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "AzərEnerji" tərəfindən 45-ə yaxın su elektrik stansiyası və yarımstansiyaları tikilib istifadəyə verilib ki, burada da əksəriyyəti yerli sakinlərdən ibarət işçi qüvvəsidir.