Bakı, TurkicWorld
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-dən TurkicWorld -ə verilən xəbərə görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb:
"Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.
Araşdırmalarla Samit Məmmədov və Hidayət Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.