Paris. TurkicWorld
"Paris-2024" Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
TurkicWorld-un məlumatına görə, Sena çayında təşkil olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb.
Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.
Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.