Bakı. TurkicWorld:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
TurkicWorld xəbər verir ki, verilişin qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev olub.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ İqtisadi rayonunda yaşayan erməni əhalinin iqtisadi və sosial vəziyyəti dünya ictimaiyyətinə nümayiş olunandan xeyli yaxşıdır.
"Onlara mif yaratmaq lazım idi, guya burada ayrı-seçkiliyə məruz qalırlar. Onlar bu mifi Qərb mediasına, Qərb dairələrinə satdılar. Mənə elə gəlir ki, ermənilər bundan heç nə əldə etmədilər. Ermənistan görmür ki, bu otuz il ərzində Azərbaycan beynəlxalq arenada həm hərbi, həm də iqtisadi baxımdan necə möhkəmlənib. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qaldığı müddətcə Ermənistan üçün perspektivlər ümidverici deyil.
Əfsuslar olsun ki, Ermənistan rəhbərliyinin yaydığı miflər, əvvəlki kimi, həm Ermənistandakı insanların, həm də Qarabağın erməni sakinlərinin həyatına təsir göstərməyə davam edir. Özlərini Qarabağda qondarma "rəhbərlər" adlandıranlara gəlincə, onlar yenidən Azərbaycanla qarşıdurma xəttini davam etdirirlər", - o deyib.
Sədr qeyd edib ki, Laçın-Xankəndi yolu və Qarabağda qondarma "humanitar fəlakət" ətrafındakı spekulyasiyalar anti-Azərbaycan kampaniyasının növbəti elementindən başqa bir şey deyil.
"Kiminsə təzyiq göstərəcəyi və Azərbaycanın geri çəkiləcəyi barədə miflər özünü doğrultmur. Üçtərəfli bəyanatda Azərbaycanın Laçın üzərində suverenliyi təsdiq olunub. Malların daşınmasından bəhs edən elə həmin bənddə deyilir ki, bu bizim ərazimiz olduğu üçün təhlükəsizliyə görə Azərbaycan cavabdehlik daşıyır", - deyə F. Şəfiyev vurğulayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)