Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaradılmasının 30-cu ildönümü ilə bağlı tədbir Özbəkistanda keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaradılmasının 30-cu ildönümü ilə bağlı tədbir Özbəkistanda keçiriləcək

Bakı, TurkicWorld:

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılmasının 30-cu ildönümü ilə bağlı tədbir Özbəkistanda keçiriləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Özbəkistan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Bahadır Əhmədov ilə TÜRKSOY-un Baş Katibi Sultan Raevin görüşü zamanı əldə edilib.

Məlumata əsasən, tədbir bu ilin iyun ayında keçiriləcək.

Bundan əlavə, tərəflər turizm əlaqələrinin genişləndirilməsi və xarici turların təşkil edilməsi barədə məsələləri müzakirə ediblər.

Əlavə olaraq, TÜRKSOY-un Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə, forumlarda və festivallarda daimi iştirakı barədə tərəflər razılığa gəlib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə Respublikasının mədəniyyət nazirlərinin imzaladığı saziş əsasında yaradılıb. Təşkilat yarandığı gündən türk xalqlarının birlik və qardaşlığının möhkəmləndirilməsi, ortaq türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsi, türk dünyasının ortaq dəyərlərinin beynəlxalq səviyyədə təbliği istiqamətində fəaliyyət göstərir.