Özbəkistanda referendumla bağlı erkən səsvermə tarixi açıqlanıb

Özbəkistanda referendumla bağlı erkən səsvermə tarixi açıqlanıb

Bakı, TurkicWorld:

Özbəkistanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum üçün erkən səsvermə tarixi açıqlanıb.

TurkicWorld-un məlumatına görə, AzerPress bu barədə Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasına istinadən bildirir.

Məlumata əsasən, aprelin 30-da keçiriləcək referendum üçün səsvermədə iştirak edə bilməyən vətəndaşlar 19-26 aprel tarixlərində erkən səsvermədə iştirak edəcəklər.

Erkən səsvermə üçün bülletenlər aprelin 13-dək məntəqə seçki komissiyalarına çatdırılacaq.

Məlumat üçün qeyd edək ki, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının 2023-cü il 10 mart tarixli və Ali Məclis Senatının 14 mart tarixli qərarları ilə Özbəkistan Respublikasının Konstitusiya qanunu layihəsi üzrə aprelin 30-da referendum keçiriləcək. Özbəkistan prezident Şavkat Mirziyoyev 1992-ci ildə qəbul edilmiş Özbəkistan Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Konstitusiyaya 27 maddənin daxil edilməsi nəzərdə tutulur, onların ümumi sayı 128-dən 155-ə çatdırılacaq.