Özbəkistan və Fransa prezidentləri ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər

Özbəkistan və Fransa prezidentləri ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər

Bakı. TurkicWorld:

Səmərqənddəki Konqres Mərkəzində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, görüşün əvvəlində Şavkat Mirziyoyev, Fransa Prezidentinin son 30 ildə Özbəkistana ilk səfərinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Liderlər Fransa ilə Özbəkistan arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini ətraflı müzakirə ediblər və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, sonrakı illərdə çoxşaxəli Özbəkistan-Fransa münasibətləri bütün istiqamətlərdə sürətlə inkişaf edəcək.

Görüş zamanı, ticarət və birgə müəssisələrin sayının iki dəfə artdığı məmnunluqla vurğulanıb.

“Yaşıl” enerji, xammal ehtiyatlarının hasilatı və emalı, innovativ kənd təsərrüfatı, su təchizatı, logistika, infrastrukturun inkişafı, turizm və digər sahələrdə yeni irimiqyaslı layihələrin təşviqi ilə bağlı tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, Fransa Özbəkistanın Mərkəzi Asiyada etimadın möhkəmləndirilməsi, eləcə də Ümumdünya Ticarət Təşkilatına üzv olması və Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması istiqamətində səylərini dəstəkləməyə hazırdır.

Siyasi dialoqun davam etdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, yaranan təhdid və risklərlə səmərəli mübarizənin vacibliyi qeyd edilib.

Məmnuniyyətlə qeyd olunub ki, mədəni-humanitar əməkdaşlığın gündəliyi zəngindir. Bildirilib ki, Özbəkistanda fransız dilini öyrənməyə maraq artır. Daşkənddə Özbəkistan-Fransa ali təhsil müəssisəsinin açılmasının sürətləndirilməsi və fransız dili müəllimlərinin hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.

Dövlət başçıları beynəlxalq və regional əhəmiyyətli aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Aytac Süleymanova