Türkmənistan və Rumıniya enerji sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Türkmənistan və Rumıniya enerji sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Bakı. TurkicWorld:

Türkmənistan və Rumıniya enerji sahəsində əməkdaşlığı inkişaf etdirəcək.

TurkicWorld-un məlumatına görə, Rumıniya Energetika nazirliyinin binasında Türkmənistan-Rumıniya enerji sektorunda əməkdaşlıq üzrə işçi komissiyanın iclası keçirilib. Buxarestdə keçirilən toplantıda “Türkmenpetrol” Dövlət Korporasiyasının prezidenti Q.Ağacanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə qarşılıqlı etimad və fayda prinsiplərinə əsaslanan dövlətlərarası əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Türkmənistan tərəfi Türkmənistanın enerji strategiyasının əsas istiqamətlərindən biri olan neft və qaz hasilatı layihələri, neft-kimya sənayesi müəssisələrinin modernləşdirilməsi və texniki təchizatı, müasir qaz emalı müəssisələrinin, o cümlədən qaz hasilatı obyektlərinin tikintisi barədə məlumat verib.

Bu kontekstdə resursa qənaət edən texnologiyaların və innovativ elmi-texniki işlərin geniş tətbiqi məsələsi müzakirə olunub.

Görüşdən sonra müvafiq protokol imzalanıb.