Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb

Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Türkiyə bu gün Danimarkada Qurani-Kərimə və Türk bayrağına qarşı törədilən təhqiramiz hərəkətləri pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı Danimarkanın Türkiyədəki səfiri XİN-ə çağırılıb.

Bəyanatda deyilir:

"Bu gün (14 aprel) Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha pisləyirik. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ifadə azadlığı adı altında bu alçaq hücumlara icazə verilməsi yolverilməzdir.

Bu məsələ ilə bağlı mövqeyimiz nazirliyə çağırılan Danimarkanın Ankaradakı səfirinə çatdırıldı.

Son zamanlar Avropada qorxulu şəkildə artan İslamafobiya və ksenofobiyanın təcəssümü olan bu çirkin hücuma və buna bənzər nifrət cinayətlərinə qarşı çoxtərəfli platformalarda səylərimizi davam etdirəcəyik.

Danimarkanın bu mövzudakı münasibəti bütün dünya müsəlmanlarının reaksiyasını çəkir və milyardlarla insanın narahatlığının nəzərə alınmadığını göstərir.

Bu səbəbdən mübarək Ramazan ayında da davam edən bu cür təxribatların qarşısının alınması və təkrarlanmaması üçün çəkindirici tədbirlərin görülməsi tələbimizi bir daha bildiririk".