Rusiya-Türkiyə əməkdaşlığı türk dövlətlərini yeni dünya düzəninin mərkəzinə çevirəcək – Selin Şenocak

Rusiya-Türkiyə əməkdaşlığı türk dövlətlərini yeni dünya düzəninin mərkəzinə çevirəcək – Selin Şenocak

Bakı, TurkicWorld:

Rusiya-Türkiyə əməkdaşlığı türk dövlətlərini yeni dünya düzəninin mərkəzinə çevirəcək, bu sözləri Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin qonaq professoru Selin Şenocak AzerPress-ə açıqlamasında bildirib.

“2023-cü il dünya üçün əsaslı dəyişikliklərlə başladı. Bu il təkcə yüzilliyini qeyd edəcək Türkiyə üçün deyil, bütün dünya üçün böyük bir dəyişikliyin başlanğıcı kimi görünür. Dünya Avropa iqtisadiyyatının çökməsini müşahidə edərkən tarixdə ilk dəfə sülh vasitəçiliyini öz üzərinə götürən Çinin səyləri nəticəsində əzəli düşmənlər Səudiyyə Ərəbistanı və İranın sülh razılığına gəlmələrini sürpriz həmlə kimi qiymətləndirmək olmaz”, - deyə professor əlavə edib.

Onun sözlərinə görə, Dünyanın güc mərkəzi artıq öz oxunu dəyişib və birqütblü dünya idarəçiliyinin sona çatmasını istəyən yeni güclər Dünyanın idarə olunmasında mühüm birləşdirici rol oynamağa başlayır.

“Rusiya, Türkiyə, Hindistan və Çin kimi dövlətlər yeni güclər arasında öndə gəlir. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın (BRICS ölkələri) ABŞ-ı geridə qoyduğu bir dönəmə keçid edirik”, - deyə S.Şenocak vurğulayıb.

O qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatlarla bağlı Qərb dövlətləri, xüsusilə ABŞ Rusiyaya haqsız yerə embarqolar tətbiq etməklə əslində öz sonunu gətirdi.

“Avropa İttifaqı İnsan Hüquqlarına zidd olaraq mafioz bir şəkildə Avropada rus iş adamlarına məxsus malların üzərinə çökməklə embarqo tətbiq etdi. Bu, qəbuledilməzdir və Avropaya sərmayə qoymaq istəyən xarici şirkətlərə Avropanın etibarsız investisiya bölgəsi olduğunun sübutudur”, - deyə professor bildirib.

O, həmçinin qeyd edib ki, Qərb ölkələrinin intensiv qara təbliğat yaymasına baxmayaraq, Avropa xalqı vəziyyətin göründüyündən fərqli olduğunu başa düşür.

“Avropada, xüsusən də Fransada əhalinin iqtisadi böhranla bağlı iğtişaşları dövlət idarələri üzərində təzyiq yaratsa da, avropalı siyasətçilər öz xalqının mənafeyini düşünmədən hərəkət edirlər. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri bir çox Avropa ölkələrində, xüsusən də İngiltərədə hökumətlər çökdü. Aydındır ki, əməliyyatları istəyən və qızışdıran tərəf Qərb dövlətlərinin dəstəklədiyi Ukraynadır. ABŞ-ın istifadə etdiyi Ukrayna prezidenti Zelenski ölkəsinə və millətinə ziyan vurmaqla, məhv etməklə öz sonunu hazırlayır. Zelenski də Saakaşvili və digər ABŞ əlaltıları kimi istifadə olunaraq bir kənara atılacaq. Lakin təəssüf ki, bu vəziyyətdən əziyyət çəkən Ukrayna xalqı olacaq. Ukrayna xalqı Rusiyanın 2014-cü ildən NATO bazalarının əhatəsində olduğunu, Ukraynanın neonasist qruplarla Donbas bölgəsində yaşayan rus xalqına tətbiq etdiyi zorakılıqla silahlandığını və Rusiyanı müharibəyə təşviq edildiyini etiraf edirlər”, - deyə S.Şenocak əlavə edib.

Professorun sözlərinə görə, bu müharibədə qalib gələn tərəf ABŞ-dır.

“Avropa İttifaqı bu vəziyyətdə yenidən ABŞ-dan asılı vəziyyətə düşdü. Bu müharibə ilə zəifləyən NATO və ABŞ-ın silah sənayesi Avropa ölkələri sayəsində yenidən güclənməyə başladı. ABŞ hər nə qədər qəbul etməyib Ukraynanın üzərinə atsa da Rusiyanın “Nord Stream” qaz kəmərinin bombalayaraq, özü Almaniya və Avropa ölkələrinə Rusiyadan beş dəfə baha qiymətə təbii qaz satır. Son illərdə güclü iqtisadi əlaqələr quran ABŞ bununla da, əslində, həm Avropa İttifaqının, həm də Rusiyanın qarşısını kəsmiş oldu”, - deyə o vurğulayıb.

S.Şenocak bildirib ki, bu müharibə yeni dünya nizamının sürətlə qurulmasına təkan verdi.

“Dünyanı təkqütblü nizamın hegemonluğundan, zülmündən və sanksiyalarından xilas edəcək yeni üsullarla ABŞ-ın təsirinin zəifləməyə başladığı bir dövrə keçid etdik. Dünyanın yeni güclü iqtisadi ölkələri artıq dollarla deyil, öz valyutaları ilə ticarətə başlayıb. Rusiyaya tətbiq edilən iqtisadi embarqo ilə SWIFT və Visa-Master kartlarının qadağan edilməsi bu ölkələrin tez bir zamanda öz bank sistemini yaratmasına səbəb oldu. BRICS ölkələri Yeni Dünya nizamında əsas yer tutacaq şəkildə sürətli addımlar atıb”, - deyə o qeyd edib.

“Bir kəmər bir yol” layihəsinin önəmini vurğulayan professor bildirib ki, layihənin tərəflərini təşkil edən Çin, Türkiyə, Rusiya və Türkiyə Respublikasının güclü iqtisadi, siyasi və mədəni əməkdaşlığı sayəsində türk dövlətləri Yeni Dünya düzəninin mərkəzinə çevriləcək və bu tarixi öhdəlik çərçivəsində diplomatik araşdırmalar intensiv şəkildə tamamlanmalıdır.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də məzun olduğu nüfuzlu Moskva Dövlət Universiteti (Lomonosov) və Moskva Dövlət Diplomatiya İnstitutu bu tədqiqatları səmərəli şəkildə həyata keçirmək üçün elmi tədqiqatlar və magistratura proqramına başlamışdır. Cənab Əliyevin Türkiyə-Rusiya və türk dövlətlərinin strateji tərəfdaşlığında nümunəvi lider olacağı danılmaz həqiqətdir”, - deyə S.Şenocak qeyd edib.