Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməklə alyansın açıq qapı siyasətini dəstəklədiyini göstərdi - Mövlud Çavuşoğlu

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməklə alyansın açıq qapı siyasətini dəstəklədiyini göstərdi - Mövlud Çavuşoğlu

Bakı, TurkicWorld:

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməklə alyansın açıq qapı siyasətini dəstəklədiyini göstərdi.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO qərargahında keçirilən görüşdən sonra mətbuat konfransında bildirib.

“İsveç terrorla mübarizədə konkret addımlar atmalıdır. İsveçdə PKK terror təşkilatının fəaliyyətləri hələ də davam edir. Terroristlərin ekstradisiyası ilə bağlı addımların atılmasını gözləyirik”, - deyə M. Çavuşoğlu qeyd edib.

Bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.

Martın 17-də Finlandiya prezidenti Sauli Niinisto Türkiyəyə səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi barədə müzakirələr aparıb.

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş Assambleyasında martın 31-də qəbul edilib.