Türkiyənin 11 vilayətində baş verən zəlzələ əsrin fəlakəti olaraq tarixə keçdi – Kemal Özdal

Türkiyənin 11 vilayətində baş verən zəlzələ əsrin fəlakəti olaraq tarixə keçdi – Kemal Özdal

Bakı, TurkicWorld:

Türkiyənin 11 vilayətində baş verən zəlzələ əsrin fəlakəti olaraq tarixə keçdi. 30 ildir daşqın, zəlzələ, quraqlıq kimi təbii fəlakətlərin, müharibələrin yaşandığı ölkələrdə humanitar yardım fəaliyyətlərində iştirak edən biri kimi ilk dəfə belə böyük dağıntıların şahidi oldum.

TurkicWorld-un məlumatına görə, bunu AzerPress-ə özəl açıqlamasında Türkiyənin Sadakataşı Dərnəyinin rəhbəri Kemal Özdal bildirib.
“Zəlzələnin baş verdiyi gün əlverişsiz hava şəraiti, zəlzələdən zərər çəkmiş vilayətlərin hava limanlarının fəaliyyət göstərə bilməməsi, şəhərlərarası yollarda torpaq sürüşmələri səbəbindən yardımlarımızın çatdırılmasında böyük çətinliklər yaşanıb. Bunlara baxmayaraq, bütün Türkiyə zəlzələdən zərərçəkmiş əhali üçün səfərbər oldu və yardımlar göndərdi” – deyə o qeyd edib.

O bildirib ki, Sadakataşı Dərnəyi zəlzələnin ilk günü zərərçəkmiş bölgələrə yollanıb. Qaziantep vilayətində 10 nəfərlik komanda ilə axtarış-xilasetmə işləri nəticəsində çox sayda insan dağıntılar altından çıxarılıb. Digər vilayətlərdə isə sığınacaq və qida ehtiyacları başda olmaqla yardımlar geniş komanda tərəfindən bu günə qədər davam etdirilir.

“Böyük fəlakətdən sonra dərnəyimiz beş axtarış-xilasetmə qrupu ilə beş vilayətdə fəaliyyət göstərir. Başlatdığımız yardım kampaniyası çərçivəsində zəlzələdən zərərçəkmiş bölgələrə indiyə qədər ərzaq, şorba, isti paltar, dondurulmuş yeməklər, isidici, soba, adyal, çadır və gigiyenik vasitələrin yükləndiyi 65 tır humanitar yardım və 200 könüllü göndərilib. Zəlzələ bölgələrində davamlı olaraq isti yemək paylanır. Dərnək insanların sığınacaq ehtiyaclarını qarşılamaq üçün Antakyada 1200 çadır şəhərciyinin qurulmasına başlamaqla yanaşı, konteyner ev kampaniyasını da davam etdirməkdədir” – deyə Özdal bildirib.

Dərnək rəhbəri maddi çətinliklərə baxmayaraq Qeyri Hökumət Təşkilatlarının (QHT) Türkiyəyə dəstək olduqlarını da vurğulayıb.
Özdal qeyd edib ki, Türkiyədə yaşanan fəlakətə dost ölkələrdən bir çox qurum və insanlar həm maddi, həm də mənəvi dəstək olublar. 12 ildir ki, 40-dan çox ölkədə humanitar yardım fəaliyyəti həyata keçirən Sadakataşı Dərnəyi yardım etdiyi ölkələrin duaları və dəstəyindən çox təsirlənib.

“Azərbaycan, Fələstinin Qəzza bölgəsi, Panama, Livan, Vyetnam, Avstriya, Almaniya, Küveyt, Belçika, Macarıstan, Bolqarıstan, Banqladeşdən Rohingya qaçqınları, Afrikadakı uşaq evləri və İspaniyadan bir çox qurumlar dərnəyimizin başlatdığı yardım kampaniyasına qoşularaq qardaşlıq körpülərini gücləndirdi” - deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.

Twitter: lamanasadli01