BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə İsrailin Suriyanın İdlib vilayətində yerləşən Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Ankara hücumları Suriyanın suverenliyinin pozulması və bölgədə sabitliyə təhlükə yaradan addım kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə çağırıb. Ankara İsrailin beynəlxalq hüquqa zidd hesab etdiyi hərəkətlərinə görə məsuliyyət daşımasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Suriya dövlət xəbər vasitələrinin məlumatına görə, Əbu əz-Zuhur hərbi hava limanına səkkiz hava zərbəsi endirilib. Hücumlar nəticəsində hava limanının uçuş-enmə zolağına və saxlanc yerlərinə maddi ziyan dəyib, insan itkisi qeydə alınmayıb.
Əbu əz-Zuhur hərbi hava limanı Suriyanın şimal-qərbində, İdlib vilayətində, Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşir. Hava limanının uzun müddətdir fəaliyyətsiz olduğu, hazırda isə Suriya Müdafiə Nazirliyinin qüvvələri tərəfindən qorunduğu bildirilir.
Suriya Xarici İşlər Nazirliyi də hücumları əsassız təcavüz və ölkənin suverenliyi ilə ərazi bütövlüyünün açıq şəkildə pozulması adlandırıb. Dəməşq İsrailin bu addımlarının bölgədə gərginliyi daha da artıracağını bildirib.
ABŞ-nin Suriya və İraq üzrə xüsusi prezident nümayəndəsi Tom Barrak da zərbələri bölgədə sabitliyə xidmət etməyən “lazımsız gərginlik” kimi qiymətləndirib. İsrail ordusu isə hücumlarla bağlı şərh verməkdən imtina edib.






