Bakı. TurkicWorld:
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"28 fevraldan bəri bölgəmizi alov yerinə çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnunluq duyuruq. Mümkün təxribat və sabotajlara imkan verilmədən atəşkəsin sahədə tam şəkildə icra olunmasını arzu edirik",- deyə Ərdoğan bildirib.
Türkiyə lideri atəşkəs razılaşmasına öz töhvəsini vermiş tərəflərə, xüsusilə Pakistana təşəkkür edib:
"Müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyət çəkmiş coğrafiyamızın bir an öncə sülhə, sabitliyə və rifaha qovuşması ən səmimi arzumuzdur. Türkiyə regionda və dünyada sülhün səsini yüksəltməyə davam edəcək".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.





