BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan 48-ci Beynəlxalq 23 Aprel Uşaq Şənliyinin qala proqramında çıxış edib.
TurkicWorld xəbər verir ki, dövlət başçısı dünya uşaqlarını Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edərək onlara sülh və xoşbəxtlik dolu bir həyat arzulayıb. Ərdoğan çıxışında bölgədə davam edən müharibələrin və zülmlərin ən ağır yükünü fələstinli və livanlı uşaqların çəkdiyini vurğulayaraq onlara xüsusi sevgi və salamlarını göndərib.
Prezident bildirib ki Türkiyə Böyük Millət Məclisinin açılış gününün uşaq bayramı kimi qeyd edilməsi çox xüsusi bir məna daşıyır. O millət olaraq müstəqilliyin çətin mübarizələr nəticəsində qazanıldığını və bu qiymətli mirasın gələcək nəsillərə əmanət edildiyini qeyd edib. Ərdoğanın sözlərinə görə Türkiyənin tək məqsədi bütün uşaqların bombaların səsi ilə deyil quşların cəh-cəhi ilə oyanması və hər bir uşağın ən keyfiyyətli təhsil almasıdır.
Çıxışı zamanı uşaqlara rəqəmsal dünyanın təhlükələri barədə də xəbərdarlıq edən Türkiyə lideri virtual aləmdə vaxt keçirməyin dostlarla oynamaqdan və kitab oxumaqdan mane olmamalı olduğunu xatırladıb. O uşaqları ümidsizliyə qapılmamağa və hər çətinliyin sonunda bir uğurun olduğuna inanmağa çağırıb. Prezident Ərdoğan ötən həftə baş verən hücumlarda həyatını itirən şagirdləri və Aybukə müəllimi də rəhmətlə yad edərək ailələrinə səbir diləyib.
Tədbir müxtəlif ölkələrdən gələn uşaqların rəngarəng çıxışları və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Türkiyə lideri uşaqların bir-biri ilə qurduğu dostluq əlaqələrinin gələcəkdə qlobal sülhün təməli olacağına inandığını bildirib.







