BAKI, TurkicWorld, Orxan Qədirzadə
Dünya neftinin təxminən 20 faizinin daşındığı Hörmüz boğazındakı gərginlik qlobal iqtisadiyyat üçün ciddi təhdid yaratsa da, Türkiyə tətbiq etdiyi enerji strategiyası sayəsində bu risklərdən minimum səviyyədə təsirlənir.
TurkicWorld xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "Ülke TV" telekanalının canlı yayımında regionda baş verən hərbi-siyasi proseslərin enerji bazarlarına təsiri və Türkiyənin strateji hədəfləri barədə mühüm açıqlamalar verib. Nazir qeyd edib ki, Hörmüz boğazı dünya iqtisadiyyatının "şah damarı" hesab olunur və hazırda davam edən müharibə qlobal bazarlarda qiymət artımına səbəb olur.
Nazir Bayraktar Türkiyənin enerji strategiyasının mənbə və marşrut şaxələndirilməsi üzərində qurulduğunu vurğulayıb. Onun sözlərinə görə, İran, ABŞ və İsrail arasındakı gərginlik istehsala mənfi təsir göstərsə də, Türkiyə bu istiqamətdə qabaqlayıcı addımlar atıb:
"Bizim Bəsrə körfəzi və ya Hörmüz boğazı vasitəsilə hər hansı mayeləşdirilmiş təbii qaz (LNG) alışımız yoxdur. Neft və neft məhsulları idxalımızın yalnız 10 faizi bu marşrutun payına düşür ki, bu da idarə oluna bilən bir miqdardır. Bu baxımdan Türkiyə özünü güvəndə hiss edə bilər."
Türkiyənin beynəlxalq layihələrdəki roluna toxunan nazir, İraqın Bəsrə bölgəsindən gələcək alternativ boru kəməri layihələrinə diqqət yetirdiklərini bildirib. O, Rusiyadan gələn "Türk axını" layihəsi sayəsində Serbiya və Macarıstanın enerji təhlükəsizliyinin təmin olunduğunu, eyni zamanda Azərbaycan resurslarını Avropaya daşıyan Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini xatırladıb.
Alparslan Bayraktar Türkiyənin elektrik ehtiyacının ən azı 15 faizinin nüvə enerjisindən qarşılanmalı olduğunu qeyd edərək, "Akkuyu" AES-lə yanaşı Sinop və Frakiya bölgələrində də yeni layihələrin planlaşdırıldığını bildirib. Nazir hazırda Koreya Respublikası və Kanada ilə bu istiqamətdə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Qlobal bazarlardakı qeyri-müəyyənliklərə toxunan nazir, qısa müddətdə neftin qiymətinin 115 dollardan yuxarı qalxma ehtimalının olduğunu, lakin orta perspektivdə (Venesuela və İranın sistemə tam inteqrasiyası ilə) qiymətlərin 40-50 dollar səviyyəsinə düşə biləcəyini proqnozlaşdırıb.







