BAKI, TurkicWorld, Orxan Qədirzadə
Baykar 2025-ci ildə həyata keçirdiyi yüksək həcmli ixrac göstəriciləri ilə qlobal pilotsuz uçuş aparatları bazarında lider mövqeyini saxlayıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin milli və müstəqil pilotsuz uçuş aparatlarını istehsal edən Baykar 2025-ci ildə 2,2 milyard ABŞ dolları məbləğində ixrac həyata keçirərək dünya üzrə PUA ixrac bazarının lideri olub. Son üç il ərzində qlobal pilotsuz uçuş aparatları bazarında birinci yeri tutan şirkət, 2025-ci ildə əldə etdiyi nəticə ilə öz əvvəlki ixrac rekordunu da yeniləyib. Baykarın hazırladığı pilotsuz uçuş aparatları beynəlxalq miqyasda etibarlı və effektiv sistemlər kimi tanınır və bu məhsullar Türkiyənin yüksək texnologiyalı ixracının əsas dayaqlarından biri hesab olunur.
Məlumata görə, Baykar 2025-ci ildə ümumilikdə 2,5 milyard ABŞ dolları gəlir əldə edib. Bu gəlirin 88 faizi ixracın payına düşüb. Rəqəmlər müdafiə və aviasiya sənayesində qlobal strategiyalara həsr olunmuş beynəlxalq konfrans çərçivəsində açıqlanıb. Statistikaya əsasən, Baykar ümumi müdafiə sənayesi ixracında ön sıralarda qərarlaşıb, pilotsuz uçuş aparatları məhsul qrupunda isə açıq fərqlə liderliyini qoruyub.
Şirkət bütün layihələrini yaradıldığı gündən etibarən öz daxili maliyyə resursları hesabına həyata keçirib. 2003-cü ildə pilotsuz uçuş aparatları üzrə tədqiqat və inkişaf mərhələsindən başlayan ixrac fəaliyyəti nəticəsində Baykar indiyədək əldə etdiyi ümumi gəlirlərin 83 faizini xarici bazarlardan təmin edib. 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac göstəricisi ilə Baykar ölkə üzrə bütün sahələrdə ən çox ixrac edən ilk on şirkət sırasında yer alıb. 2024-cü ildə isə şirkət gəlirlərinin 90 faizini ixracdan əldə edərək 1,8 milyard dollarlıq xarici satış həyata keçirib.
Qeyd olunur ki, Baykar 2021–2024-cü illərdə ardıcıl olaraq müdafiə və aviasiya sənayesində ixrac lideri seçilib. 2023-cü ildə sahə üzrə ümumi ixracın üçdə birini təkbaşına təmin edən şirkət, 2024-cü ildə bu payı dörddə bir səviyyəsində saxlayaraq Türkiyəni qlobal PUA ixrac bazarında lider mövqeyə çıxarıb. Dünyanın ən böyük pilotsuz uçuş aparatı istehsalçısı olan Baykar indiyədək Bayraktar TB2 üçün 36 ölkə, Bayraktar AKINCI üçün isə 16 ölkə ilə ixrac müqaviləsi imzalayıb və ümumi ixrac coğrafiyası 37 ölkəni əhatə edir.