BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hədəf alınmasının və yeni müharibənin başlanmasının yanlış olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, onun sözlərinə görə, danışıqlar başladığı təqdirdə İran nüvə dosyesi üzrə yenidən müzakirələrə hazırdır.
“Amerikalılara hər zaman tövsiyəm bu olub ki, İranla mövcud problemləri bir-bir həll etsinlər. Əvvəlcə nüvə məsələsi bağlanmalıdır, daha sonra digər mövzulara keçilə bilər. Bütün məsələləri eyni anda gündəmə gətirmək İran tərəfi üçün həm çətin, həm də bəzən alçaldıcı görünə bilər”- deyə o bildirib.
Fidan qeyd edib ki, İran regional nizamda mühüm mövqe tuta bilər və bunun üçün mövcud potensialından düzgün istifadə etməlidir. O, iki ay əvvəl İranda rəsmi səfərdə olduğunu xatırladaraq, Tehran rəhbərliyinə regionda etimadın formalaşdırılmasının vacibliyini açıq şəkildə çatdırdığını deyib.
Onun fikrincə, Yaxın Şərqdə fərqli ideologiyalara, siyasi sistemlərə və məzhəblərə baxmayaraq, dövlətlər birgə əməkdaşlıq mexanizmləri qurmağı bacarmalıdır.







