BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Əli məscidində cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.
TurkicWorld xəbər verir ki, ABŞ-a planlaşdırılan səfəri barədə danışan Ərdoğan, səfərin tarixinin hələ dəqiqləşmədiyini bildirib.
“Arzumuz Türkiyəyə müsbət yanaşmanın olmasıdır. Eyni zamanda, ölkəmizin terror təhlükəsindən tamamilə azad olunması prosesini də davam etdiririk.” - deyə o, Xalq Alyansının bu istiqamətdə mühüm addımlar atdığını vurğulayıb.
Boykot çağırışlarına da toxunan Prezident Ərdoğan, 2 aprel tarixində ticarət mərkəzlərində gözlənildiyinin əksinə olaraq aktivliyin müşahidə edildiyini qeyd edib.
“İqtisadiyyata qarşı kampaniya aparanları millət bağışlamaz. Əksinə, xalq daha çox alış-veriş edir.” - deyə qeyd edib.
Sonda MHP lideri Devlet Bahçeli ilə münasibətlərinə dair sualı cavablandıran Ərdoğan, onunla telefon danışığı apardığını bildirib. “Hörmətli Devlet bəylə rəhmətlik Türkeş üçün dua etdiyimizi söylədim. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Biz hər zaman bu ölkəyə xeyir verən böyüklərimizin yanında olmuşuq və bundan sonra da dövlətimizin rifahı üçün çalışacağıq. Daha çox işimiz var.” - deyə vurğulayıb.
Qeyd edək ki, martın 23-də Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvü, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu, cinayət təşkilatı qurma, qəsb, rüşvət, dələduzluq, çirkli pulların yuyulması, terror qruplaşmaları ilə əməkdaşlıq və korrupsiya ittihamları ilə həbs edilib. Bunun üzərinə CHP hökümətə qarşı etiraz aksiyalarına başlayıb.