Bakı, TurkicWorld
Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan Karaok tank əleyhinə raketinin son sınaq görüntüsü böyük maraq doğurub.
TurkicWorld xəbər verir ki, Müdafiə Sənayesi Mütəxəssisi Kubilay Yıldırım bildirir ki, Karaok sistemi əvvəlki UMTAS və OMTAS layihələrinin inkişafının nəticəsidir. OMTAS raketi qapalı mövqedən atılma, hədəfi aşkar edib yuxarıdan vurma və uçuş zamanı idarə olunma qabiliyyətinə malikdir.
Karaok isə daha yüngül, daha çevik və qısa məsafələrdə belə dalma hücumu icra edə bilir. 2020-ci ildən etibarən qoşunlara təhvil verilən bu raket sistemi döyüş şəraitində çox çevik istifadə olunur.
2024-cü ilin sonunda yayımlanan sınaq videosunda Karaok raketi 50-60 metr məsafədən yuxarıdan dalaraq hədəfi vurur. Yıldırım qeyd edir ki, bu tip manevrlər uzaq məsafədən vurmaqdan daha çətindir və böyük texnoloji uğurdur.
Yıldırım bildirir ki, Karaok ABŞ istehsalı Javelin və Cənubi Koreyanın Raybolt raketlərindən daha yüngül və inkişaf etmiş optik-sensor sistemlərinə malikdir. Üstəlik, minimum nişan alma məsafəsi də daha qısadır.
Türkiyə hazırda köhnə RPG-7 sistemlərini əvəzləmək üçün daha yüngül, ucuz və səmərəli tank əleyhinə raketlər hazırlaya bilər. Müasir döyüş şəraitində tank əleyhinə silahların qapalı mövqelərdən atəş, sürətli mövqe dəyişikliyi və maneələrin arxasından vurma qabiliyyəti vacib hesab olunur.
Yıldırım vurğulayır ki, Türkiyə isə Karaok ilə döyüş meydanında daha da güclənəcək.