Bakı, TurkicWorld
Dünən Suriyada baş verən hadisələr bizə bir ümid işığı oldu. Beynəlxalq aktyorların, xüsusən də BMT-nin Suriya xalqı ilə əlaqə saxlamasını və əhatəli hökumətin qurulmasını dəstəkləməsini gözləyirik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “15-ci Səfirlik Konfransı”nın açılış nitqi çıxış edərkən bildirib.
“Bildiyiniz kimi, biz bəri başdan deyirik ki, Suriyada daimi həll, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Lakin bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim öz xalqı ilə barışmağa çalışmadı. Xüsusən də rejimin prezidentimizin qarşıdan gələn prosesləri gözləyərək verdiyi çağırışlara müsbət cavab verməməsi nə qədər haqlı olduğumuzu ortaya çıxaran hadisələrə gətirib çıxardı.”- deyə Fidan bildirib.
O, Suriyada yeni dövr başladığını bildirib.
“Bu nöqtədə Suriyada yeni bir dövr başlayıb. İndi diqqəti gələcəyə yönəltmək lazımdır. Gələcəkdə biz müxtəlif etnik və dini qrupların sülh içində və əhatəli idarəçilik anlayışı ilə yaşadığı Suriyanı arzulayırıq. Qonşuları ilə yaxşı münasibət quracaq, bölgəsinə sülh və sabitlik gətirəcək yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə biz bütün tərəflərlə, xüsusilə regional aktorlarla lazımi dialoqu və koordinasiyanı davam etdiririk.”- deyə nazir vurğulayıb.
Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.