Bakı, TurkicWorld
Türkiyənin Müdafiə Nazirliyi tərfindən ABŞ-a 40 ədəd F-35 döyüş təyyarəsi üçün tələb təqdim edildiyi bəyan edilib.
TurkicWorld xəbər verir ki, Nazirlik tərəfindən verilən açıqlamada, NATO çərçivəsində müttəfiqlərdən olan gözləntilər vurğulanıb. Nazirlik bildirib ki, müttəfiqlərdən alyansın prinsiplərinə və ortaq təhlükəsizlik perspektivinə uyğun qərarlar qəbul etməsi gözlənilir.
Həmçinin, Türkiyə üzərində tətbiq olunan gizli və ya açıq sanksiyaların aradan qaldırılmasını tələb edib.
Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, 40 ədəd F-16 Blok 70 təyyarənin alınması və xüsusi sursatların təchizatı üçün 1,4 milyard dollar ilkin ödənişlə müqavilə qüvvəyə minib və texniki danışıqlar davam edir.
40 ədəd Eurofighter təyyarəsinin alınması ilə bağlı texniki danışıqlar müsbət şəkildə irəliləyir.
Daha əvvəl ödənişi edilmiş və Ankarada saxlanılan 6 təyyarə daxil olmaqla, 40 F-35 döyüş təyyarəsinin tədarükü ilə bağlı tələb isə ABŞ-a rəsmi şəkildə çatdırılıb.
Türkiyə Müdafiə Nazirliyi, ABŞ-ın CAATSA (Sanksiyalar vasitəsilə Amerika rəqibləri ilə mübarizə aktı) çərçivəsində tətbiq etdiyi məhdudiyyətləri tənqid edərək, NATO müttəfiqi olan ölkəyə qarşı belə sanksiyaların tətbiqinin alyans tarixində ilk olduğunu vurğulayıb. Nazirlik, bu sanksiyaların səhv olduğunu bildirərək, ittifaqın həmrəyliyini pozduğunu qeyd edib.
Nazirlik, milli döyüş təyyarəsi KAAN xidmətə daxil olana qədər Türkiyənin hava qüvvələrini gücləndirmək üçün qabaqcıl texnologiyalara malik təyyarələrin alınmasını prioritet etdiyini vurğulayıb.
Türkiyənin NATO çərçivəsində öz hərbi ehtiyaclarını təmin etmək üçün müttəfiqləri ilə əməkdaşlığa açıq olduğunu bildirən Müdafiə Nazirliyi, sanksiyaların aradan qaldırılmasının və ortaq təhlükəsizlik maraqlarının gücləndirilməsinin zəruriliyini qeyd edib.