Son dəqiqə

Türkiyə TİKA Turan Qastroturizm Akademiyası

Sumqayıtda TİKA dəstəyi ilə Turan Qastroturizm Akademiyası açılır

Bakı, TurkicWorld

Bugün Sumqayıt şəhərində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yaradılan "Turan Qastroturizm Akademiyası" təntənəli açılış mərasimi ilə fəaliyyətə başlayacaq.

TurkicWorld xəbər verir ki, bu akademiya, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, DK Agency və Turan Restoranlar Şəbəkəsinin birgə təşəbbüsü əsasında təsis edilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı, TİKA Başqanı Serkan KAYALAR, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Turan Qastroturizm Akademiyası "Məktəb-Sənaye Əməkdaşlığı Sumqayıt Modeli" çərçivəsində yaradılıb. Layihə Sumqayıtda işsizliyin azaldılması, xidmət sektorunun inkişafı və gənclərin beynəlxalq səviyyədə peşəkar biliklərə yiyələnməsinə yönəlib.

Akademiyanın əsas hədəfləri şəhərin qastroturizm potensialını artırmaq, beynəlxalq standartlara uyğun tədris proqramları həyata keçirmək və xidmət sektorunda məşğulluğu artıraraq iqtisadiyyata töhfə verməkdir.

Akademiya üç əsas bölmədən ibarət olacaq: İlham Sahəsi (təlim zalı, kitabxana və studiya), Tətbiq Sahəsi (praktik məşğələ otaqları və peşəkar tədris mətbəxi) və Təcrübə Sahəsi (restoran və satış bölməsi).

TİKA-nın təmin etdiyi müasir mətbəx avadanlıqları və təchizat dəstəyi sayəsində akademiya tələbələrə yüksək səviyyəli təlim şəraiti təqdim etməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir bugün saat 15:30-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Turan Restoranda keçiriləcək. Proqrama rəsmi nitqlər, qırmızı lentin kəsilməsi və təlim-tətbiq sahələrinə ekskursiya da daxildir.

Mövzuya görə xəbərlər