Bakı, TurkicWorld
İtaliya Müdafiə Naziri Quido Krosetto, gələn həftə bölgədə mühüm bir aktor olaraq qiymətləndirdiyi Türkiyəni ziyarət edəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, G7 ölkələrinin müdafiə nazirlərinin Napoli şəhərində keçirilən toplantısından sonra təşkil edilən mətbuat konfransında açıqlama verən Krosetto, bu görüşün həm Orta Şərq, həm də Afrika üçün vacib olduğunu qeyd edib.
"Türkiyə ilə aparılacaq müzakirələrin həm Orta Şərq, həm də Afrika üçün önəmli olduğunu düşünürəm" deyən Krosetto, Fələstin polis qüvvələrinin təlimində Türkiyənin əsas bir rol oynadığını vurğulayıb. Həmçinin, G7 nazirləri ilə Livan mövzusunu da müzakirə etdiklərini deyən nazir UNIFIL qüvvələrinin varlığının davam etməsinin vacib olduğunu qeyd edib.
Qəzza ilə bağlı da danışan Krosetto, "Qəzza zolağında dərhal atəşkəsin təmin edilməsi, bütün girovların azad edilməsi və mülki əhaliyə humanitar yardımların artması üçün dəstəklədiklərini" ifadə edib.
Eyni zamanda, İsrail və Fələstin xalqı üçün təhlükəsizlik və sabitliyi təmin edəcək siyasi bir həll yolunun tapılmasının təcilini vurğulayıb.