Bakı, TurkicWorld
İsrailin Livana endirdiyi hava zərbələrindən sonra Türkiyə 30 ton tibbi ləvazimat və dərman daşıyan humanitar yardım təyyarəsini 48 saat ərzində Beyruta çatdırıb.
TurkicWorld Fokusplus -a istinadən xəbər verir ki, Türkiyədən Livana humanitar yardım aparan təyyarə paytaxt Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanına çatıb.
Təyyarəni Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb.
Livanın səhiyyə naziri Ebyad Türkiyədən hərbi yük təyyarəsi ilə Beyruta gələn humanitar yardımın 30 ton tibbi ləvazimat və dərmandan ibarət olduğunu bildirib.
İsrailin Livana hücumları başladığı 23 Sentyabr bazar ertəsi günü Türkiyə hökumətinin Livan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını vurğulayan Ebyad, Türkiyənin onlara çox sürətlə humanitar yardım çatdırdığını, Beyrut səfiri Ulusoyun da Livanın səhiyyə xidmətini qarşılamağa hazır olduğunu bildirib.
Səfir Ulusoy humanitar yardım əməliyyatının prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi və Livanın tələbləri əsasında həyata keçirildiyini bildirib.
İsrailin artan təcavüzü ilə çətin anlar yaşayan Livan xalqı üçün həmrəylik yardımını Səhiyyə Nazirliyinə təhvil verdiklərini vurğulayan Ulusoy, Türkiyənin cənubundakı Sidon şəhərində 2010-cu ildə tikdirdiyi Türk Xəstəxanasının hal-hazırda xidmət göstərdiyini bildirib. Livan Səhiyyə Nazirliyinin yaxın günlərdə Səidə Türk Xəstəxanasının tutumunu artıracağı və tam həcmdə xidmət göstərəcəyi barədə məlumatı da əlavə edib.
Bu yardımla çətin günlər keçirən Livan xalqı ilə həmrəylik nümayiş etdirdiklərini açıqlayan Ulusoy , Türkiyənin humanitar yardımları ilə Livanın yanında olmağa davam edəcəyini bildirib.
Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə isə köç dalğası davam edir.