Bakı. TurkicWorld
İran və Türkiyə arasında Közərəş beynəlxalq sərhəd terminalının tikilməsi və istifadəyə verilməsi iki ölkənin iş gündəminə salınıb.
TurkicWorld -un məlumatına görə, bunu İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadiq Motəmedian Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində keçirilən İran və Türkiyənin sərhəd vilayətlərinin 7-ci müştərək iqtisadi əməkdaşlıq iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən sərhəd terminalı İran və Türkiyə arasında vətəndaşlar və ticarət üçün 4-cü keçid məntəqəsi olacaq.
Motəmedian əlavə edib ki, bu sərhəd terminalının tikilərək istifadəyə verilməsi ticarət dövriyyəsi və sərhəd keçidinin artması ilə nəticələnəcək. İki ölkənin sərhədində infrastrukturların yaradılması və büdcənin ayrılması üzrə müzakirələr aparılıb və sərhəd terminalının tikilməsi ilə bağlı qərar hər iki ölkədə aidiyyəti üzrə təsdiqlənib.
Qərbi Azərbaycan valisi qeyd edib ki, İran və Türkiyənin 7-ci müştərək əməkdaşlıq komissiyasında iki ölkənin sərhəd vilayətləri arasında iqtisadiyyat, ticarət, elm, mədəniyyət, turizm, əl-işləri sənayesi, nəqliyyat və tranzit üzrə 2 saziş imzalanıb.
Qeyd edək ki, 4-5 oktyabrda İranın Urmiya şəhərində İran və Türkiyənin sərhəd vilayətlərinin 7-ci iqtisadi əməkdaşlıq iclası keçirilib.
Əlavə edək ki, İranın Qərbi Azərbaycan vilayətində 6 sərhəd terminalı var. Onun 3-ü İran-Türkiyə sərhədində yerləşir.