Bakı, TurkicWorld
Bazar ertəsi bir qrup şəxs Türkiyənin İzmir limanına gələn ABŞ-a məxsus döyüş gəmisində (USS Wasp) xidmət etdiyi iddia edilən Amerika əsgərinin başına çuval keçirərək, "Yanki, evə get!" şüarları səsləndiriblər.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Gənclər Birliyi (Türkiye Gençlik Birliği, TGB) sosial media hesabında paylaşım etmişdi. Paylaşımda, "Əsgərlərimizin və minlərlə fələstinlinin qanını əllərində daşıyan ABŞ əsgərləri ölkəmizi çirkləndirə bilməz. Bu torpaqlara hər addım atdığınızda sizi layiq olduğunuz kimi qarşılayacağıq!" ifadələrdən istifadə edilmişdir. Hadisə ilə əlaqəsi olduğu təsbit edilən 13 nəfərin saxlanıldığı öyrənilib, polisin araşdırmasının davam etdiyi bildirilib.
Qeyd edək ki, ABŞ-ın (ABŞ) USS Wasp (LHD-1) adlı amfibiya hücum gəmisi həmin gün səhər saatlarında İzmir limanında lövbər salmışdı. Belə ki, USS Wasp, İran və ya Hizbullahın İsrailə qarşı mümkün hücumlarına qarşı Amerika administrasiyası tərəfindən bölgəyə göndərilən iki Amerika amfibiya hücum gəmisindən biridir. Cənubi Kiprin Limasol limanında 24-cü Xüsusi Təyinat Bacarıqlı Dəniz Piyada Birliyini daşıyan USS Wasp gəmisinin lövbər salması bir qrup insan tərəfindən etirazla qarşılanmışdı.
Türkiyə Gənclər Birliyinin (TGB) baş katibi Aylin Kum aksiyanın məqsədini və necə həyata keçirildiyini açıqlayıb.
TGB Baş katibi Aylin Kum, videodakı ABŞ əsgərinin necə təsbit edilməsi ilə bağlı “Aksiyadan əvvəl ona “ABŞ əsgərisən?” deyə soruşduq. "Bəli, biz gəmidəki təyyarədə işləyirik" dedi",- deyə bildirib.
Türkiyənin müxtəlif şəhərlərində ABŞ əsgərlərinin başına 6 dəfə çuval keçirdiklərini, İzmirdəki hadisənin yeddinci hadisə olaraq qeydə alındığını bildirən Aylin Kum, "Çuval taxmağımızın əhəmiyyətli bir səbəbi var. Bu, 2003-cü ildə İraqın Süleymaniyyə şəhərində qəhrəman Mehmetçikin başına çuval keçirərək üstü açıq bir maşında nümayiş etmələrinə bir cavabdır. Türk əsgərlərinin sahibsiz olmadığının bütün dünyaya elanıdır”,- deyə aksiyanın səbəbini açıqlayıb.
Türkiyə Gənclər Birliyi anti-Amerika, antiatlantik və Avrasiyaçı ideologiyaları ilə seçilən türk gənclər təşkilatıdır. Bu təşkilat özlərini rəsmi internet saytında “Milli istiqlal məqsədi və Cümhuriyyət İnqilabları ətrafında birləşən Türk Gəncliyinin birgə mübarizə təşkilatı” olaraq təsvir edir.
Qrup Qərb ölkələrinə, xüsusilə ABŞ-a qarşı müxalifliyi və Vətən Partiyasına yaxınlığı ilə tanınır.