Bakı, TurkicWorld
TurkicWorld xəbər verir ki, “Euromonitor International” beynəlxalq araşdırma şirkəti tərəfindən hazırlanan “dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısına Türkiyədən iki şəhər daxil olub.
Siyahıda olan ən yaxşı 5 şəhərdən biri öz əhalisindən 12 dəfə çox turist qəbul edərək, “adsız qəhrəman” olmağı bacarıb.
Pandemiyadan əvvəlki dövrə qayıdışın başladığı 2023-cü ildə İstanbul və Antalya xarici turistlər tərəfindən tez-tez ziyarət edilirdi.
Şirkətin məlumatlarına görə, dünyanın ən çox ziyarət edilən 100 şəhəri arasında yer alan İstanbul, London və Dubayı geridə qoyaraq, əvvəlki ilə nisbətən təxminən 26 faiz artım yaşayıb.
Siyahının başında İstanbul, ikinci yerdə London, üçüncü yerdə isə Dubay qərarlaşıb. BBC-nin "adsız qəhrəman" kimi təsvir etdiyi Antalya isə siyahıda dördüncü sırada yerləşib.
Türkiyənin populyar istirahət məkanlarından biri olan Antalya 2023-cü ildə öz əhalisindən 12 dəfə çox turist qəbul edib. Şəhərin 1,3 milyon nəfər əhalisinin olduğu bildirilib.
Ötən il 16,5 milyon turisti qəbul edən şəhəri daha çox almanlar, ruslar və ingilislər ziyarət edib.
2022-ci ilə nisbətən turist sayında 29 faiz artım müşahidə edilən Antalyanın 2024-cü ildə ziyarətçi sayının daha da artması gözlənilir.
Qeyd edək ki, pandemiya dövründə və sonrasında məhdudiyyətlərin yumşaldılması səbəbi ilə xaricə gedən turistlərin sayında ciddi artım yaşanıb.
Türkiyədə daxili və beynəlxalq uçuşlarda artım müşahidə olunub.
Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə uçuşlar 16,3 faiz artıb.