Bakı, TurkicWorld
Afrika ölkələri ilə birgə işimiz intensivləşməkdə davam edir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Fidan Nigerə səfəri zamanı terrorla mübarizə, təhsil, enerji, səhiyyə, ticarət, təhlükəsizlik və müdafiə kimi bir çox mövzuları müzakirə etdiklərini bildirib.
“Somalidə etdiyimiz kimi, Nigerdə də terrorla mübarizə çərçivəsində müdafiə sənayesi və kəşfiyyat potensialını inkişaf etdirmək üçün nələr edilə biləcəyini müzakirə etdik.” – deyə o qeyd edib.
Fidan xatırladıb ki, Türkiyənin 54 Afrika ölkəsindən 44-də səfirliyi var.
“Afrika ilə əlaqələrimizi inkişaf etdirərkən, buradakı xalqların və qardaşlarımızın mənafeyi və rifahına əsaslanacaq fəaliyyətlər həyata keçiririk. Afrikada sülh, təhlükəsizlik və sabitlik də bizim prioritetlərimiz sırasındadır. Bildiyiniz kimi, xüsusilə Sahel bölgəsində qeyri-sabitlik və terror problemi hər keçən gün daha da xroniki xarakter alıb”, - deyə Fidan bildirib.
Görüş zamanı Hakan Fidanla yanaşı, Milli Müdafiə naziri Yaşar Güler, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün və Ticarət nazirinin müavini Özgür Volkan Ağar da iştirak edib.
Hafiz Rufizoğlu