Son dəqiqə

Fahrettin Altun

15 iyul dirçəliş hekayəsidir – Fahrettin Altun

Bakı,TurkicWorld

15 iyul təkcə müqavimət hekayəsi deyil, həm də yenidən doğuş hekayəsidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun öz X sosial media hesabında deyib.

Altun açıqlamasında 15 İyul Demokratiya və Milli Birlik Gününün “Millətin Zəfəri” mövzusu ilə qeyd ediləcəyini bildirib.

“2016-cı il iyulun 15-də xalqımızın Vətənini, müstəqilliyini qorumaq əzmi qaranlıq gecəni nura çevirdi. Həmin gecə xain çevriliş cəhdinə qarşı millətimizin qələmə aldığı qəhrəmanlıq dastanı birliyimizi, azadlığımızı, iradəmizi göstərib. Millətimizin iradəsini, demokratiyasını, gələcəyini qorumaq əzmi bizə ən qaranlıq anlarda belə işığa doğru addımlamağı göstərdi”,- deyə Altun bildirib.

Qeyd edək ki, 15-16 iyul 2016-cı il tarixləri arasında Türkiyə Silahlı Qüvvələrinin tərkibində olan bir qrup əsgər tərəfindən Türkiyədə hərbi çevriliş cəhdi baş vermişdir. İstanbuldakı Boğaz və Fatih Sultan Mehmet körpüləri bir qrup yüksək rütbəli hərbçi və Hərbi Hava Qüvvələri Akademiyasının tələbələri tərəfindən bağlanıb. Ankaranın Beştəpə səmtində Prezident Sarayını bombalamaq cəhdi edilsə də , uğursuz alınıb. Muğlanın Marmaris rayonunda oteldə olan prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd edilib . Baş Qərargah rəisi ordu generalı Hulusi Akar , Quru Qoşunları Komandanı General Saleh Zeki Çolak , Hərbi Hava Qüvvələri Komandanı General Abidin Ünal , Jandarma Baş Komandanı General Qalip Mendi , Prezident baş katibi Fahri Fırtına və bəzi yüksək səviyyəli komandirlər çevrilişə cəhd edən əsgərlər tərəfindən girov götürülüb.

Mövzuya görə xəbərlər