Bakı. TurkicWorld:
Türk İnvestisiya Fondu həm dövlət, həm də özəl sektorda investisiyalarımızı sürətləndirəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek açıqlayıb.
"500 milyon dollar nizamnamə kapitalı ilə Türkiyə İnvestisiya Fondunu qururuq. Türk dövlətlərinin 2024-cü ilin sonuna qədər 1,9 trilyon dollarlıq iqtisadi böyüklük və 178 milyon əhaliyə çataraq dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir. Türk Dünyası 2040 Vizyonu çərçivəsində Türk İnvestisiya Fondunun yaradılmasında ən böyük məqsədimiz türk dövlətləri arasında iqtisadi və ticari əlaqələrin inkişafını təmin etməkdir", - deyə o əlavə edib.
Xatırladaq ki, 2023-cü il mayın 30-da Azərbaycan razılığını bildirdikdən sonra Türk dövlətlərinin iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu “Türk İnvestisiya Fondu”-nun yaradılması üzv dövlətlər və Türk Dövlətləri Təşkilatı rəhbərliyi tərəfindən təsdiqlənib.