Son dəqiqə

Azərbaycan Türk dünyası Ceyhun Bayramov Orta Dəhliz Türk İnvestisiya Fondu İqtisadi əməkdaşlıq Trans-Xəzər Ələt Limanı

Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı, Azərbaycan ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq gündəliyində duran məsələlər, Fondun fəaliyyət istiqamətləri və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə yaradılmış Türk İnvestisiya Fondunun türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və regionun dayanıqlı inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycanın irəlilətdiyi layihələrin regional bağlantıların gücləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafında oynadığı rol qeyd olunub. Bu çərçivədə, Orta Dəhlizin potensialının artırılması, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı, həmçinin ölkəmizin mühüm logistika və nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Nazir Ceyhun Bayramov Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında formalaşdırılan nəqliyyat-logistika infrastrukturunun regional ticarət və yükdaşımaların həcminin artırılmasına xidmət etdiyini bildirib.

Bununla yanaşı, alternativ enerji sahəsində görülən işlər barədə məlumat verilib.

Tərəflər Türk dünyasının iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı faydalı investisiya layihələrinin təşviqi, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə səylərin artırılmasının ortaq rifahın möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər