Bakı. TurkicWorld:
Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi ilə Türkiyə və Orta Asiya arasında yeni bir əlaqə qurulacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
"Türkiyənin yeni İpək Yolu olacaq İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan yol və dəmir yolları üçün işlərimizə başlamışıq. İraqa gələn yükləri Hindistan, Şərqi Asiya və Fars körfəzi üzərindən Avropaya dəmir yolu ilə daşıyacaq layihələrin geniş coğrafiyaya fayda verəcəyini proqnozlaşdırırıq. İnkişaf Yolu Layihəsinin 1923 kilometrlik yol dəhlizi üçün 1592 kilometr yolumuz var", - deyə o əlavə edib.
Uraloğlu onu da vurğulayıb ki, Türkiyənin təkcə öz daxilində deyil, həm də dünya ilə inteqrasiya edən beynəlxalq daşımalarına üstünlük verilir.
Qeyd edək ki, 22 aprel tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə İnkişaf Yolu Müqaviləsini imzalayıb.
Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.