ROKETSAN və ASELSAN Portuqaliyanın qısa mənzilli hava hücumundan müdafiə sistemi tenderində iştirak edir

ROKETSAN və ASELSAN Portuqaliyanın qısa mənzilli hava hücumundan müdafiə sistemi tenderində iştirak edir

Bakı. TurkicWorld:

Türkiyənin ROKETSAN və ASELSAN müdafiə sənayesi şirkətləri Portuqaliyanın təşkil etdiyi qısa mənzilli hava hücumundan müdafiə sistemi tenderində iştirak edir.

TurkicWorld-un məlumatına görə, Portuqaliya NATO Dəstək Agentliyi vasitəsilə qısa mənzilli hava hücumundan müdafiə sistemi tenderini təşkil edir.

Bu çərçivədə tenderdə Türkiyədən ASELSAN və ROKETSAN, Almaniyadan Diehl Defence, Polşadan PIT-RADWAR, Fransadan Thales Defence və Fransız-İtaliyan-İngiltərə ortaqlığı altında qurulan MBDA Group şirkətləri iştirak edəcək.

Tenderin nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.

Bu tender 2023-cü ilin iyulunda təsdiq edilmiş 2023-2034-cü il tarixli Portuqaliya Hərbi Proqramlaşdırma Qanununa əsasən təşkil olunur. Keçən il qəbul edilən qanunla qeyd olunan illər ərzində Portuqaliya Silahlı Qüvvələrinə təxminən 5,57 milyard avro dəyərində yeni texnika tədarük ediləcək.Portuqaliya Müdafiə Nazirliyinin məlumatına görə, bu məbləğə quru, dəniz, hava, kibertəhlükəsizlik və kosmik texnika daxildir.

Qanunla təkcə xarici satınalmalar deyil, inventarda olan bəzi sistemlərin modernləşdirilməsi də həyata keçiriləcək. Bununla belə, Portuqaliya yerli müdafiə sənayesi sektorunu təkcə xarici satınalmalarla deyil, həm də yerli müdafiə sənayesi şirkətləri və ölkə daxilindəki dövlət qurumları ilə inkişaf etdirməyi hədəfləyir.