İtaliya mətbuatı öz manşetlərində KAAN-ı işıqlandırıb

İtaliya mətbuatı öz manşetlərində KAAN-ı işıqlandırıb

Bakı. TurkicWorld:

İtaliya mətbuatı milli döyüş təyyarəsi KAAN-ın Türkiyənin istehsal etdiyi ilk 5-ci nəsil təyyarə olduğunu vurğulayıb.

TurkicWorld-un məlumatına görə, İtaliyanın qabaqcıl qəzetlərindən biri olan “İl Messaggero”, xəbəri “Türkiyə Kaanın ilk uçuşunu etdi” başlığı ilə oxucularına açıqlayıb.

“Bu təyyarə ölkənin müdafiə sənayesinin aparıcı layihələrindən birini təmsil edir. KAAN, Ankara tərəfindən təqdim edilən ilk 5-ci nəsil döyüş təyyarəsi olaraq xarakterizə edilir. Yüksək hava döyüş sahəsinə və səsdən sürətli strateji hücum qabiliyyətinə malik olan bu təyyarə milli istehsal olan ağıllı sursatlarla silahlanacaq",- deyə məlumatda bildirilib.

İtaliyanın ANSA agentliyi də “Ankara yerli döyüş təyyarəsini təqdim etdi” başlığı ilə xəbəri abunəçilərinə çatdırıb.

"Türkiyə döyüş təyyarəsi Kaan, Ankara Mürted Bazasında ilk uçuşunu müvəffəqiyyətlə tamamladı və bu, Türkiyənin istehsal etdiyi ilk 5-ci nəsil döyüş təyyarəsidir",- deyə xəbərdə qeyd olunub.

Eyni zamanda, İtaliyanın müdafiə xəbər saytları da ilk uçuşunu həyata keçirən KAAN-ın texniki xüsusiyyətlərinə geniş yer verib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN dünən ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.