Kahramanmaraşda qurulan TUSAŞ müəssisəsi fəaliyyətə başlayacaq

Kahramanmaraşda qurulan TUSAŞ müəssisəsi fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Kahramanmaraşda qurulan TUSAŞ müəssisəsi bu ay fəaliyyətə başlayacaq.

TurkicWorld-un məlumatına görə, fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra sənaye istehsalına dəstək tədbirləri intensiv şəkildə davam edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələlərin ildönümündə Kahramanmaraş səfəri zamanı bu obyektlərlə bağlı mühüm açıqlamalar verməsi gözlənilir.

Müdafiə Sənayesi Başçılığının koordinasiyası ilə Türkiyənin müdafiə sənayesinin aparıcı təşkilatları zəlzələ bölgəsində çoxlu investisiyalar həyata keçirir.

TUSAŞ, Kahramanmaraşdakı sərmayələri üçün ilk olaraq Türkoğlu Mütəşəkkil Sənaye Bölgəsini seçib. Burada üç il müddətinə obyekt icarəyə götürən şirkət infrastrukturu, maşın və avadanlıqların quraşdırılmasını qısa müddətdə həyata keçirib. Təyyarə və helikopter hissələrinin istehsal olunacağı müəssisədə 100-ə yaxın insan işlə təmin olunacaq. Obyektdə çalışacaq işçilər TUSAŞ-da təlim keçiblər.

Sınaq istehsalına başlayan obyektin bu ay fəaliyyətə başlaması nəzərdə tutulub.

TUSAŞ, həmçinin Kahramanmaraş sənayeçiləri ilə ortaq şəkildə müdafiə və aerokosmik peşə məktəbi qurub.

Məktəbdə maşınqayırma, metallurgiya və təyyarə texnologiyası kafedraları yaradılacaq. Tamamlandıqdan sonra peşə məktəbi 7 min 260 kvadratmetr qapalı sahəyə sahib olacaq və keyfiyyətli təhsil üçün bütün lazımi infrastruktur və texniki imkanlara sahib olacaqdır.

Aytac Süleymanova

Twitter: a_alieva_