Son dəqiqə

Türkiyə Selçuk Bayraktar Bayraktar TB2 Türkiyənin ixracı TUSAŞ AKSUNGUR ANKA PUA Türkiyə müdafiə sənayesi inkişafı

Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin silahlı insansız hava aparatları (SİHA) Afrika qitəsində geniş şəkildə yayılaraq regionun təhlükəsizlik və hərbi əməliyyatlarında mühüm rol oynamağa başlayıb. Hazırda Afrikanın ən azı 16 ölkəsində türk istehsalı SİHA-lar aktiv şəkildə istifadə edilir.

Son illərdə Türkiyə ABŞ və Çin kimi böyük rəqibləri geridə qoyaraq SİHA bazarında qlobal liderliyini möhkəmləndirib. Afrika ölkələri ilə qurulan hərbi-texniki əməkdaşlıq, xüsusilə terrorla mübarizə və sərhəd təhlükəsizliyi sahəsində ciddi təsir göstərir.
Mali, Fas, Efiopiya, Nigeriya, Liviya, Burkina Faso, Togo, Niger, Cibuti, Somali, Ruanda, Kenya, Angola, Tunis, Çad və digər ölkələrdə Bayraktar TB2, ANKA və Aksungur modelləri əməliyyatlara cəlb olunur.

Məlumata görə, Afrika orduları əsasən Baykar tərəfindən istehsal olunan Bayraktar TB2-lərə üstünlük verir, TUSAŞ tərəfindən hazırlanan ANKA və Aksungur SİHA-larının tətbiqi də artır.

Mərkəzi hakimiyyəti zəif olan və silahlı qruplaşmalarla mübarizə aparan bir sıra Afrika dövlətləri türk SİHA-larından ayrılıqçı və terrorçu qruplara qarşı əməliyyatlarda birbaşa taktiki vasitə kimi istifadə edir. Analitiklərə görə, ölkələrin bu sistemləri seçməsinin əsas səbəbi kəşfiyyat, müşahidə və yüksək dəqiqlikli zərbə imkanlarıdır.

Türkiyənin SİHA ixracatı region ölkələri ilə siyasi və hərbi əməkdaşlığın güclənməsinə, eyni zamanda, Ankaranın Afrika siyasətində nüfuzunun artmasına səbəb olur.

Mövzuya görə xəbərlər