Bakı. TurkicWorld:
Avropa İttifaqının günəş paneli istehsalında Türkiyədən başqa alternativi yoxdur.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda külək turbinləri istehsalı sahəsində Türkiyə Avropada dördüncü yerdədir. Külək turbinləri istehsalçılarımızın illik 2 milyard avroya yaxınlaşan biznes həcmi var", - deyə o qeyd edib.
Nazir Kacır onu da vurğulayıb ki, Türkiyə ilə bağlı sərhəddə karbon tənzimləmələri, digər ticarət qaydaları, investisiya qərarları və maliyyələşdirmə sahələrində müsbət addımlar Aİ-nin xeyrinə olacaq.
"Aİ-nin beynəlxalq rəqabətdə Türkiyəyə ehtiyacı var. Gömrük İttifaqı başda olmaqla bütün bu proseslərdə daha ədalətli, daha açıq və daha müsbət bir yanaşma görəcəyimizə ümid edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır noyabrın 15-16-da Belçikanın paytaxtı Brüsseldə diplomatik görüşlər keçirib.