Roketsan BƏƏ-nin ən böyük müdafiə və aerokosmik şirkətlər qrupu ilə müqavilə imzalayıb (ÖZƏL)

Roketsan BƏƏ-nin ən böyük müdafiə və aerokosmik şirkətlər qrupu ilə müqavilə imzalayıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Roketsan şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük müdafiə və aerokosmik şirkətlər qrupu "EDGE Group"la müqavilə imzalayıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, imzalanma mərasimi Roketsan Qabaqcıl Texnologiyalar və Sistemlər üzrə baş direktor müavini Cenk Önen, Roketsan Bazarının İnkişafı və Təşviqi Direktoru Mustafa Odabaş və EDGE Group rəsmilərinin iştirakı ilə keçirilib.

Müqaviləyə əsasən, Roketsan və EDGE Group yeni və qabaqcıl ağıllı silah texnologiyalarının birgə inkişafı imkanlarını araşdırmaq üçün birlikdə çalışacaqlar.

"Türkiyənin bir sıra Pilotsuz Uçuş Aparatlarının BƏƏ-yə satışı həyata keçirilib. Bu PUA-larda Roketsan sursatından istifadə olunur. Xüsusilə BƏƏ Hərbi Hava Qüvvələrindən olan son istifadəçilər MAM-C, MAM-L və MAM-T sursatlarını görməyə gəldilər. Son istifadəçilərə sursatlarımız haqqında ətraflı məlumat verdik", - deyə Mustafa Odabaş qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hələ sınaq mərhələsində olan Bayraktar TB3 PUA-nı Türkiyədən tədarük edəcəyini açıqlayıb.

X: Lamanasadli01