Sərhəd təhlükəsizliyimizi təmin etmək üçün özünümüdafiə hüquqları çərçivəsində uyğun əməliyyatlar keçirmək Türkiyənin təbii haqqıdır - Türkiyə MN

Sərhəd təhlükəsizliyimizi təmin etmək üçün özünümüdafiə hüquqları çərçivəsində uyğun əməliyyatlar keçirmək Türkiyənin təbii haqqıdır - Türkiyə MN

Bakı. TurkicWorld:

Xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı törədilən terror aktlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun əməliyyatlar keçirmək Türkiyənin təbii haqqıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

"Başda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları olmaqla hər cür təhdid və təhlükəyə qarşı ölkədaxili və sərhədyanı əməliyyatları davam etdiririk. Terrorun mənbəyinin məhv edilməsi strategiyası ilə İraq və Suriyanın şimalı da daxil olmaqla, qətiyyətlə həyata keçirilən əməliyyatlarda son bir həftədə 37 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı bu il 1 388-ə, 2015-ci il iyulun 24-dən isə 38 min 731-ə çatıb. Bu çərçivədə terrorçuların istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət olan 58 hədəf müvəffəqiyyətlə məhv edilib.Terror yuvalarını bir gecədə birdən-birə məhv etmək əzmimiz, qanlı terrorçular bu coğrafiyadan yox olana qədər şiddətlə davam edəcək",- deyə Zeki Aktürk qeyd edib.

Qeyd edək ki, 1 oktyabr tarixində Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

Araşdırma və DNT analizi nəticəsində hər iki terrorçunun PKK terror təşkilatının üzvü olduğu məlum olub.