Bakı. TurkicWorld:
Zəngəzur dəhlizinin açılması üçün bütün səylərimizi səfərbər edəcəyik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
"Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır",- deyə Prezident bildirib.
Azərbaycanın Qarabağdan erməni quldur dəstələrini təmizləməsi tədbirləri haqqında danışan Ərdoğan vurğulayıb ki, Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan Xocalı qətliamının bədəlini ödəyəcək. İllər sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.
"Nəhayət, Azərbaycan haqq səsini bütün dünyaya çatdırdı. Xocalının əsl sahibləri yurdlarına döndü. Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirdi. İllər əvvəl erməni quldur dəstələri kimi insanları qırmadı. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalını azad etdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır",- deyə Ərdoğan qeyd edib.







