Türkiyə və Afrikalı iş adamları İstanbulda bir araya gələcək

Türkiyə və Afrikalı iş adamları İstanbulda bir araya gələcək

Bakı. TurkicWorld:

12-13 oktyabr tarixlərində İstanbul Konqres mərkəzində dördüncü Türkiyə-Afrika İş və İqtisadiyyat Forumu (TABEF) keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə-Afrika İş və İqtisadiyyat Forumunda Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Ticarət naziri Ömər Bolat, Afrika İttifaqı Komissiyasının (AfB) İqtisadi İnkişaf, Ticarət, Sənaye və Mədən üzrə komissarı Albert Muçanqa, DEİK sədri Nail Olpak və Afrika qitəsindən iqtisadiyyat, ticarət və maliyyə nazirləri iştirak edəcək.

Eyni zamanda, Forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.

Əsas mövzusu “Çağırışlar və İmkanlar: Daha Güclü Türkiyə-Afrika İqtisadi Tərəfdaşlıqları” olan forumda enerji, infrastruktur, kənd təsərrüfatı və aqrar-sənaye, səhiyyə, turizm və rəqəmsal marketinq sektorlarının müzakirəsinə üstünlük verilib.

İqtisadiyyat Forumunda bütün Afrika ölkələrindən və Türkiyədən üç mindən çox iş adamının, o cümlədən Türkiyə və Afrikadakı müvafiq dərnəklər, peşəkar təşkilatlar və sahibkarlar, Türkiyədəki diplomatik missiyaların, Türkiyə və Afrika qitəsindəki media qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Afrika qitəsi ilə ümumi ticarət həcmi 2003-cü ildə 1,35 milyard dollar olduğu halda, keçən il 40,7 milyard dollara yüksəlib. 2023-cü ilin sonuna qədər Afrika qitəsində ümumi ticarət həcmi hədəfi 50 milyard dollar, daha sonra isə bu hədəf 75 milyard dollar olaraq təyin olunub.

Məlumat üçün bildirək ki, Afrikanın inteqrasiyası, iqtisadi inkişafı və sənaye inkişafı üçün mühüm strateji tərəfdaş olan Türkiyə, Afrika ölkələri ilə iqtisadi əlaqələrini qazan-qazan prinsipi çərçivəsində inkişaf etdirir.

Türkiyənin Afrikaya ixracatındakı dəyişiklik qlobal tendensiyaya bənzəyir. Türkiyənin Afrikaya ixracatı 2021-ci ildə yenidən sürət qazanaraq 21,2 milyard dollara, 2022-ci ildə isə 23,6 milyard dollara çatıb. Türkiyənin Afrikadan idxalı 2022-ci ildə 9,5 milyard dollar təşkil edib.