Bakı. TurkicWorld:
Türkiyənin Kahramanmaraş vilayətində 112 min 414 zəlzələ evi tikiləcək.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Ətraf-mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün işlərin fasiləsiz olaraq davam etdiyini bildirib.
"Kahramanmaraşda 82 min 104 ev və 30 min 310 kənd evi olmaqla cəmi 112 min 414 ev tikəcəyik. 19 min 418 evin tikintisinə artıq başlamışıq. İlk mərhələdə tenderə çıxarılan zəlzələ evləri Kahramanmaraş, Afşin, Andırın, Çağlayancerit, Dulkadiroğlu, Ekinözü, Elbistan, Göksun, Onikisubat, Nurhak, Pazarcık, Türkoğlu rayonlarında tikilir", - deyə Özhaseki qeyd edib.
Zəlzələdən zərərçəkənlərin bütün ehtiyacları nəzərə alınmaqla, tunel qəlibləri və sal bünövrə sistemi ilə üfüqi arxitekturaya uyğun tikilən evlər zirzəmi ilə bərabər dörd mərtəbədən çox olmayacaq. 2+1 evlərin 85 kvadratmetr, 3+1 evlərin isə 105 kvadratmetr layihələndirildiyi mənzillərdə qonaq otağı, mətbəx, uşaq və böyüklər üçün yataq otaqları var.
Ərazidə yaşayış yerləri ilə yanaşı, uşaq meydançaları, sosial möhkəmləndirmə meydançaları, məscidlər və dayanacaqlar da tikiləcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.