Bakı, TurkicWorld:
Türkiyənin yerli istehsal TCG Anadolu dron gəmisi İstanbul şəhərində yerləşən Sarayburnu limanında yenidən ziyarətə açılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, gəmi daha öncə 17-23 aprel tarixlərində Sarayburnu limanında ictimaiyyətə təqdim edilib və gəmini 61 min 231 nəfər ziyarət edib. Daha sonra İzmir şəhərinə gələn gəmini 3-16 may tarixlərində 150 minə yaxın insan ziyarət edib.
Xatırladaq ki, TCG Anadolu gəmisi 10 aprel tarixində Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.
Məlumat üçün bildirək ki, TCG Anadolu-nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.
Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin göyərtələrində daşıya bilir.
Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək.Gəmidə tamhüquqlu xəstəxana və 2 əməliyyat otağı da var.
Gəminin tikintisinə 2015-ci ildə başlanılıb. Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.
Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.
Ləman Əsədli
Twitter: lamanasadli01