Bakı, TurkicWorld:
Türkiyənin İzmir şəhərində 149 min 865 nəfər TCG Anadolu hərbi gəmisini ziyarət edib.
TurkicWorld xəbər verir ki, bu barədə İzmirin valisi Yavuz Səlim Köşger öz rəsmi sosial media hesabında bildirib.
Məlumat üçün bildirək ki, TCG Anadolu-nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.
Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin göyərtələrində daşıya bilir.
Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək. Gəmidə tam hüquqlu xəstəxana və 2 əməliyyat otağı da var.
Əlavə olaraq qeyd edək ki, hərbi gəmi aprelin 10-da Türkiyə donanmasının xidmətinə verilib.
Gəminin tikintisinə 2015-ci ildə başlanılıb. Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.
Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.
Ləman Əsədli
Twitter: lamanasadli01