Zəlzənin yaşandığı bölgələrdə görülən işlərlə yaxından maraqlanacağıq - Rəcəb Tayyib Ərdoğan

Zəlzənin yaşandığı bölgələrdə görülən işlərlə yaxından maraqlanacağıq - Rəcəb Tayyib Ərdoğan

Bakı. TurkicWorld:

Hər fürsətdə zəlzələ bölgəsinə gəlib şəhərlərin yenidənqurma işləri ilə yaxından maraqlanacağıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda təşkil edilən iftar yeməyində iştirakı zamanı deyib.

“Biz bu ağır fəlakətin öhdəsindən ancaq həmrəyliklə gələ bilərik. Yaz və yay aylarından ən yaxşı şəkildə istifadə edərək, şəhərlərimizin yenidən qurulmasında əhəmiyyətli məsafə qət etmək istəyirik”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.