Bakı, TurkicWorld
Türk dastan yaradıcılığı “Boz qurd” dastanları Göytürklərin yeni nəslinin yaranması və formalaşması haqqında 3 variantlı rəvayətlərdən ibarətdir. Digər dastanlar kimi bu dastanın da tam mətni əldə yoxdur. Dastan kiçik parçalar şəklində Çin mənbələrində mühafızə olunmuşdur. Çox güman ki, dastan dünyanın yaranması ilə bağlı türkün mifoloji-bədii düşüncəsindən sonrakı dövrlərdə formalaşmışdır. Çünki burada dünyanın ilk yaranmış insanlarından yox, düşmənin qəddarlığı nəticəsində bütünlüklə öldürülmüş (ayaqları kəsilmiş 10 yaşlı oğlandan başqa) Göytürklərin sonrakı soy artımından söhbət gedir. Bu artımda boz qurd Ana qurd vəzifəsini icra edir. Dastanın qısa məzmunu belədir: Lin adlı düşmən xalq türkləri məğlub edirlər. 10 yaşlı oğlan uşağından başqa bütün insanları öldürürlər. Həmin oğlanın ayaqlarını kəsib bataqlığa atırlar ki, öz əcəli ilə ölsün. Bir dişi qurd oğlanı ətlə bəsləyir, ondan hamilə qalır. Düşmən oğlanın sağ qaldığını bilib onu öldürür. Qurd qaçıb gizlənir. Bir mağarada 10 oğlan uşağı doğur. Onlar böyüdükdən sonra kənardan gətirilən qızlarla evlənirlər. Yeni törənən övladlar mağaraya sığmadığı üçün Altay dağları ətəklərində məskunlaşırlar.
Göründüyü kimi “Boz qurd” dastanlarında Göytürklərin əcdadları, onların xalq olaraq formalaşması əksini tapmış, türkün dastan təfəkküründə əcdadlarının qurddan törəməsi fıkri təsdiqlənmişdir. Təxminən I minilliyin ortalarında formalaşmış “Ərgənəkon” dastanındakı hadisələr müəyyən mənada “Boz qurd” dastanları ilə səsləşir. Daha doğrusu, bu dastanda türk xalqlarının soykökü, qəbilə qrupları şəklində birləşməsi, qədim həyat tərzləri barədə verilən fıkirlər təxminən “Boz qurd” dastanlarındakı fıkirlərə yaxındır.
“Ərgənəkon” dastanında Oğuz xan soyundan olan Moğol xanı İl xan ilə Tatar xanı Sevinc xan arasında gedən vuruş nəticəsində moğollar öldürülür, dustaq olanlar isə düşmənlərin soylarını qəbul edirlər. İl xanın oğlu Qiyanla qardaşı oğlu Nüküz öz qadınları ilə qaçaraq dağlar arasında yerləşən ünçatmaz bir yerə gəlirlər. onlar bu yerin adını Ərgənəkon (hündür dağ yamacı, vadi, keçid və s. mənalarda) qoyurlar və uzun müddət burada yaşamalı olurlar. “Boz qurd” dastanlarının qəhrəmanları mağaraya sığmadıqları kimi, bu dastanda da 400 ildən sonra Ərgənəkonun onlara darlıq etdiyini görürük. Moğolların hökmdarı Börtə Çinə xalqı başına yığaraq onlara belə deyir; “Ey müqəddəs Boz qurd ananın cəsur oğulları və övladları! Söyləyəcəklərimi yaxşı dinləyib düşününüz. Bizim atalarımıza qədim zamanlardan bəri Ərgənəkon yurdu müqəddəs məkan olmuşdur. Aradan uzun illər keçdi . Göy tanrı bizi qorudu, böyüdük və çoxaldıq. Bunun üçün müqəddəs Ərgənəkon yurdu qarşısında hamımız başımızı əyib hörmət bildirəyin. Fəqət bizim ulu dədələrimizin məzarlarının yerləşdiyi müqəddəs vətənimizin də bu yüksək dağların arxasında olduğunu unutmamalıyıq. Artıq atlarımızı ata vətənimizə doğru sürməyin zamanı gəldi. Tatarları vətənimizdən qovub çıxarağın. Beləcə intiqamımızı alaq, torpaqlarımızı geri qaytaraq.” Onlar Ərgənəkondan çıxmaq üçün heç bir yol tapa bilmirlər. Bir dəmirçi onları başa salır ki, burada dəmir mədəni var. Dağı (dəmiri) əritmək üçün 70 körük düzəldirlər. Bir dəvənin keçə biləcəyi ölçüdə dağı əridərək oradan xilas olurlar. Vətənlərinə qayıdaraq tatarlardan intiqamlarını alırlar.
“Alp ər Tonqa” qəhrəmanlıq dastanıdır. Alp ər Tonqa e.ə. VII əsrdə Sakalar dövründə yaşamış, təxminən e.ə. 624 və ya 625-626-cı illərdə iranlılar tərəfındən hiylə ilə öldürülmüş Türk xaqanıdır. Alp ər Tonqa Turan hökmdarı Beşengin oğludur. Onun Barsxan, Qaraxan, Şidə və Alak adında 4 oğlunun olması haqqında məlumatlar mövcuddur. Mənbələrdə o, igidliyi ilə ad çıxarmış, bilikli, əxlaqlı türk hökmdarı kimi təqdim olunur. Alp sözü qədim türklərdə “güclü”, “bahadır”, “qəhrəman”, “cəsur” və s. mənaları ifadə edir. Alp ər Tonqa müəyyən zamanlarda Mavərənnəhr, Yeddisu, Savran, Şaş (Daşkənd), Sayram, Talas, Şu vilayətlərində hökmranlıq etmiş, həmin ərazilərdə abadlıq işləri ilə məşğul olmuş, yeni şəhərlər tikdirmişdir. Əbu Reyhan əl-Biruninin “Dünya iqlimlərinin təsviri” əsərinə əsaslansaq deyə bilərik ki, Xanbalıq (Balasaqun), Ramitan və Əfrasiyab (Səmərqənd) şəhərlərini Alp ər Tonqa inşa etdirmişdir. “Alp ər Tonqa” dastanı həcm etibarı ilə böyük olsa da, əsərin tam mətni əldə edilməmişdir. Bu dastanın qısa mətni əsasən Firdovsinin “Şahnamə”, Y. Balasaqunlunun “Qutadqu bilik” və M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərləri əsasında bərpa edilmişdir. Lakin bunlarla yanaşı Rəşidəddin Fəzlullahın “Came üt Təvarix” (“Tarixlər toplusu”) və Əbu Reyhan əl Biruninin “Dünya iqlimlərinin təsviri” əsərlərində dastanla bağlı verilmiş məlumatlar öyrənilmiş, həmin məlumatlardan lazımi səviyyədə istifadə edilmişdir.
“Alp ər Tonqa” dastanının mövzusu İran-Turan müharibələri ilə bağlıdır. Turan hökmdarı Beşengin “iranlılar bizə çox zülmlər vermişlər, türkün öc almaq zamanı gəlib çıxmışdır” müraciətindən sonra onun oğlu Alp ər Tonqa “öc almaq” üçün İrana hücum edir. Alp ər Tonqa İran hökmdarını əsir alır. Əfsanəvi sərkərdə Zalın İran ordusuna köməyi türk qoşunlarına xeyli ziyan vurur. Bundan əsəbləşən Alp ər Tonqa əsir götürdüyü İran hökmdarını öldürür. Zev İranda hakimiyyətə gələndən sonra İranla Turan arasında sülh bağlanır. Zevdən sonra İran taxtına çıxan Keykavusun zamanında müharibə yenidən başlayır. İran-Turan müharibələri Keykavusun nəvəsi Keyxosrovun hakimiyyəti dövründə də davam edir. Lakin döyüşlərin birində Alp ər Tonqa məğlub olur. O, bir mağarada gizli həyat sürür. Onun yerini öyrənib tutmaq istəyirlər. Alp ər Tonqa özünü çaya atır. Hiylə işlədərək onu xilas etmək adı ilə sudan çıxarıb öldürürlər. Amma bir sıra tarixi mənbələr Keyxosrovun Alp ər Tonqanı aldadaraq ziyafətə dəvət edib öldürdüyünü təsdiqləyir. Alp ər Tonqanın ölümü Turanı matəmə bürümüş, onun dəfnində qopuz çalan ozanlar ağılar söyləmişlər.
“Şu” dastanı haqqında ilkin məlumatlar M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən əldə edilmişdir. Lüğətdə dastan ərəb dilində verilmişdir. M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərinə daxil edilmiş bu dastan parçasında İsgəndərin adı Zülqərneyn kimi ifadə edilir. Şu e.ə.4-cü əsrdə yaşamış Saka hökmdarıdır. Dastanda Şunun İsgəndər qoşunlarına qarşı döyüş tədbirləri, düşmənə qarşı türk ordusunun mübarizliyi əksini tapmışdır. Dastanın sonunda göstərilir ki, İsgəndər geri çəkildikdən sonra Şu Balasaquna gəlir və Şu şəhərini tikir. Dastanda verilən bu məlumatda türkün öz torpağına, yurduna sədaqəti, ona sahib çıxmaq istəyi və əzmi əksini tapır, hər bir türkdə qürur hissini artırır.
Mənbə: Filologiya elmləri doktoru, professor Elman Quliyev - Türk xalqları ədəbiyyatı